Böyük Britaniyanın baş naziri Tereza Mey Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır. Bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.
Həmçinin A.Dunkan azərbaycanlı jurnalistlərə cümə günü Bakıda prezident İ.Əliyevlə keçirdiyi görüş barədə məlumat verib.
“İ.Əliyevlə bugünkü görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər, xüsusilə siyasət və ticarət məsələlərini müzakirəetdik. Prezidentə yaxın zamanda T.Meyin onunla görüş keçirmək niyyətində olduğunu bildirdim”, - A.Dunkan qeyd edib.
Dövlət naziri o cümlədən, cümə axşamı Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması məsələsinə toxunub. Onun sözlərinə görə, bu layihə Azərbaycan iqtisadiyyatına gözə çarpacaq dərəcədə töhfə verəcək.
“Əvvəl “Əsrin müqaviləsi” var idi, indi isə “Yeni Əsrin müqaviləsi” var. Bu, Britaniya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. SOCAR və BP-nin bu sazişi imzalamasından qürur hissi duyuram”, - A.Dunkan vurğulayıb. **
F.İsazadə