Azərbaycan hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçirildi. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Xarici işlər nazirinin müavini Xələf Xələfovun Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşündə tərəflər adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyəti ifadə edilib”, - məlumatda deyilir .
X.Xələfov ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı və Tokionu Bakının etibarlı tərəfdaşı adlandırdı.
Nazir müavini Azərbaycanda enerji layihərində iştirak edən yapon şirkətlərinin fəaliyyətini təqdir etdi. O, iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunda yeni layihələrdə Yaponiya şirkətlərinin iştirakının vacibliyi vurğuladı.
X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində Bakının ədalətli mövqeyini dəstəklədiyini yüksək qiymətləndirdi.
Öz növbəsində, M.Horii münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinə ümidini ifadə etdi. Nazir müavini yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycan tərəfinə təşəkkür etdi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi.
M.Horii QUAM+Yaponiya formatında mövcud əməkdaşlığın vacibliyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıldı. **
R.Babayev