Cümə günü Azərbaycan prezidenti İlham Əliyev "Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Fondun yaradılmasında məqsəd ölkədə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.
"Kredit Zəmanət Fondu” sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.
Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır.
Müşahidə Şurası Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Mərkəzi Bankının (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır.
Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.
Fərmana əsasən 8 nəfərdən ibarət İşçi qrup yaradılacaq. İşçi qrupu bir ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir: MMC-nin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini; sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini; risklərin azaldılması məqsədilə kredit reytinq sisteminin tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti alətlərinin tətbiqinə dair təkliflərini və s. **
A.Əzizov