2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 21,7 mlrd. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 11 mlrd. manat (2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə artım 1,2%), qeyri-ərzaq mallarının alınmasına 10,7 mlrd. manat (artım 2,8%) sərf olunub.
Cari ilin yanvar-avqust aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,4 %-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
A.Əzizov