Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Prosesdə onun barəsində şərti cəza təyin edilib.
24 iyul tarixində Səbail Rayon Məhkəməsində F.Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Müttəhim, həmçinin 39 min manat cərimə cəzasına məhkum edilib ($23 minə yaxın).
Lakin, Bakı Apellyasiya Məhkəməsində F.Əmirli barəsində həbs qərarı 2 il 6 ay şərti cəza ilə əvəz edilib. F.Əmirli məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunsa da, sonradan onun üzərindən bu ittiham götürülüb.
Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.**
R.Babayev