Azərbaycan prezidenti İlham Əliyev Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi kimi fəal işini davam etdirəcəyinə əmindir.
Cümə günü İ.Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezident əminliyini ifadə etdi ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində vasitəçi kimi öz fəal işini bundan sonra da davam etdirəcək”, - məlumatda deyilir.
Öz növbəsində, J.-B.Lömuan bildirdi ki, Fransa Azərbaycanın çox uğurlu və çoxvektorlu siyasət həyata keçirdiyini, qonşularla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirdiyini önəmli sayır. Onun sözlərinə görə, bu, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, bölgədə və beynəlxalq aləmdə barışdırıcı və vasitəçi rolunu daha da artırır.
Həmsöhbətlər beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın önəmini vurğuladılar. **
F.İsazadə