Təhsilin keyfiyyətinin artırılması Azərbvaycanın daxili işlərinə kənardan müdaxilənin qarşısını almağa imkan yaradacaq. Bunu prezident İlham Əliyev deyib.
“Əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev Azərbaycanın təhlükəsizliyinin xarici müdaxilədən qorunmasının əhəmiyyətini qeyd edib. “Bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir.Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir”, - o bildirib.
Prezidentin sözlərinə görə, mənfi təsirdən ən yaxşı müdafiə “təhsilin keyfiyyətinin yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir”.
Dövlət başçısı vurğulayıb ki, ələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. “Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və cəmiyyət texnoloji inkişaf baxımından geridə qalmasın”, - İ.Əliyev qeyd edib. **
R.Babayev