Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri çərçivəsində Çexiyadan yeni aldığı 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsaları və 122 mm RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərini sınaqdan çıxarıb. Bu barədə “AzeriDefence” saytında məlumat verilib.
“Hər iki artilleriya sistemləri Azərbaycan Ordusunun bu gün başlayan genişmiqyaslı təlimində ilk dəfə istifadə olunur”, - məlumatda deyilir.
“Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb. Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub.
Xəbər verildiyi kimi, bazar ertəsimüxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb və sentyabrın 22-dək davam edəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlərin məqsədi mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilməsidir. **
F.İsazadə