Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılana qədər Cənubi Qafqaz regionunda sülhün təmin olunması qeyri-mümkündür. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh üçün birbaşa təhlükə olaraq qalmaqda davam edir”, - H.Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamasını “İnterfaks-Azərabycan” agentliyinə şərh edərkən bildirib.
H.Hacıyevin sözlərinə görə, S.Sarkisyanın Qarabağ münaqişəsinin həlli üzrə hansı prinsiplərdən danışdığı heç kimə aydın deyil. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutulan prinsiplər BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində təsbit olunub. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”, - o qeyd edib.
O vurğulayıb ki, Azərbaycan heç zaman öz suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və olunacaq. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh təmin olunar, yoxsulluq və səfalət içərisində olan Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana bilər”, - H.Hacıyev bildirib.
Bazar ertəsi S.Sarkisyan “Армения-Диаспора” forumunda bəyan edib ki, Qarabağ məsələsinin həllində xalqların öz müqəddəratını təyin etmək hüququna riayət olunması vacibdir. **
F.İsazadə