Mərkəzi Bankın (AMB) İdarə Heyətinin bazar ertəsi keçirilən iclasında uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. Bu barədə bankın məlumatında deyilir.
“ Makroiqtisadi sabitlik və real sektorda aktivliyin pozitiv dinamikası qorunur. Tədiyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabildir. Pul təklifi iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacına uyğun olaraq artır. İnflyasiyanın monetar və qeyri-monetar amillərinin təhlili göstərir ki, pul siyasətinə əhəmiyyətli korreksiya etmək zərurəti yoxdur. Buna görə AMB uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, faiz dəhlizinin digər parametrləri (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılıb.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə noyabrın 15-də müzakirə ediləcək. **
A.Əzizov