2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-ni təşkil edib. Azərbaycan Mərkəzi Bankı cari ilin yekunları üzrə profisitin qorunacağını qeyd edir.
“2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Bu neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır”, - bankın məlumatında deyilir.
Bundan başqa, yanvar-avqust aylarında xarici ticarətdə müsbət saldo 1,9 mlrd. ABŞ dolları təşkil edib, 8 ay ərzində ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb.
Vurğulanır ki, profisitli tədiyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. “Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşaiyət olunur”, - bank qeyd edir.
2016-cı ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $1,36 mlrd. təşkil edib. **
A.Əzizov