Biznes mühitin yaxşılaşdırılması, dövlət sektrounda şəffaflığın artırılması, institusional islahatlar möhkəmlənməsi hazırki iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatı üçün prioritet olmalıdır. Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Müller deyib.
“Neftin qiymətinin ucuzlaşması şəraitində son 2 il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb olub. Hesab edirəm ki, hökumət bu vəziyyətdə zəruri addımlar atıb”, - S.Müller çərşənbə axşamı Azərbaycanla DB arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qarşısında 4 əsas çağırış durur. “İnstitusional islahatlar möhkəmlənməsi və insan kapitalının inkişafı; biznes mühitin yaxşılaşdırılması və maliyyə sektoruna dəstək; əmək kadrlarının inkişafı; dövlət sektorunda şəffaflığın gücləndirilməsi”, - S.Müller əlavə edib.
O vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün prioritet olmalıdır.
“Biz öz tərəfimizdən yoxsulluğun səviyyəsinin azaldılması və Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirləri dəstəkləməyə hazırdır”, - bankın vitse-prezidenti bildirib. **
A.Əzizov