Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsinə maraq göstərir. Bunu maliyyə naziri Samir Şərifov bəyan edib.
Öncə AYİB prezidenti Suma Çakrabarti qeyd edib ki, bank ABB-nin payının alışında maraqlıdır.
“ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması prosesi başa çatıb. Prezidentin müvafiq fərmanında bu proses başa çatdıqdan sonra ABB-də bankın özəlləşdirilmə işlərinə başlanması nəzərdə tutulur. Bununla əlaqədar AYİB bu məsələ ilə maraqlanır və biz müzakirələri davam etdirəcəyik”, - S.Şərifov çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bütövlükdə AYİB-in ABB-nin özəlləşdirilməsində iştirakı barədə danışmaq hələlik tezdir.
S.Şərifov əlavə edib ki, Azərbaycan hökuməti ABB-nin özəlləşdirilməyə hazırlıq çərçivəsində təcrübəli beynəlxalq məsləhətçi cəlb etməyi planlaşdırır. “2018-ci ilin əvvəlində bankın özəlləşdirilməyə hazırlığı işlərinə başlamaq olar”, - nazir vurğulayıb. **
A.Əzizov