Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə zolağında hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş hazırlığını yoxlayıb. Bu barədə nazirlikdən məlumat verilib.
“Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub”, - məlumatda deyilir.
Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Z.Həsənov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.
Məlumata əsasən, nazir həmçinin dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. “Z.Həsənov müdafiə xəttinin gücləndirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib”, - məlumatda qeyd olunur.
Sonra Z.Həsənov qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən kəndlərə gəlib. “Müdafiə naziri yerli sakinlərlə görüşüb, onların qayğıları, problemləri və təhlükəsizlik məsələləri ilə maraqlanıb”, - məlumatda vurğulanır. **
F.İsazadə