Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər.
“Biz Azərbaycan hökumətinə səmimi dialoq üçün təşəkkür edirik”, - AŞPA-nın rəsmi saytında dərc edilən bəyanatda qeyd olunur.
Həmməruzəçilər AXCP-nin sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsdən buraxılmasını müsbət qiymətləndiriblər.
“F.Əmirlinin azadlığa buraxılmasını alqışlayırıq və yaxın zamanda digər məhkum olunan şəxslərin azad ediləcəyinə, həmçinin yeni həbslərin baş verməyəcəyinə ümid edirik”, - həmməruzəçilər vurğulayıblar.
Onlar qeyd ediblər ki, səfər çərçivəsində Azərbaycan tərəfi ilə məhkəmə sistemində davam edən islahatları müzakirə ediblər. “Biz həmçinin Azərbaycan parlamentindəki həmkarlarımızı qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti və maliyyələşdirilməsinin Avropa stansdartlarına uyğun təmin edilməsi məqsədilə bu sahədə qanunvericiliyə düzəlişlər daxil etməyə çağırırıq”, - bəyanatda deyilir. **
R.Babayev