Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxladığına görə təəssüf edir.
Çərşənbə axşamı Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarın qanuni olduğunu təsdiq edib.
“Məhkəmənin qərarı böyük təəssüf hissi doğurur. Bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil”, - N.İbrahimovun bəyanatında deyilir.
O, Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyini bildirib.
Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunmuş, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılıb. “Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir”, - Komitə sədri vurğulayıb.
N.İbrahimov bildirib ki, Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşir. “Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər”, - o qeyd edib.**
F.İsazadə