Azərbaycanda yeraltı qaz anbarlarının cari təbii qaz ehtiyatları 2,2 mlrd. kubmetr təşkil edir. Bu barədə SOCAR-ın (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.
Cari ilin aprel ayından “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci illər üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.
“1 sentyabr 2017-ci il tarixinə olan vəziyyətə görə, yeraltı qaz anbarlarına 1,4 mlrd. kubmetr qaz vurulub. Ötən ildən qalıq nəzərə alınmaqla, yeraltı anbarlarda aktiv qazın ümumi həcmi 2,2 mlrd. kubmetr təşkil edib”, - R.Abdullayev “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.
Azərbaycanda iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib.
Öncə R.Abdulayev bəyan edib ki, yeraltı qaz anbarlarının ümumi gücü 3,5 mlrd. kubmetrə qədər artırılıb. Hazırda SOCAR “Qaradağ” və “Qalmaz” qaz anbarlarının ümumi gücünü 6 mlrd. kubmetrə çatdırmaq məqsədilə iş həyata keçirir.
Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşasıplanlaşdırılır.
Cari il ərzində SOCAR daha 7 quyunun qazılmasını nəzərdə tutub. **
A.Əzizov