SOCAR şirkəti (ARDNŞ) xaricdə YDM şəbəkəsini genişləndirməyi planlaşdırır. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan edib.
“Hazırda Gürcüstanda “SOCAR” brendi ilə 115 YDM fəaliyyət göstərir. Rumıniyada şəbəkımizə 38 YDM, Ukraynada - 61 YDM, İsveçrədə - 164 YDM daxildir”, - R.Abdullayev “Respublika” qaəzetində dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, şirkət həm beynəlxalq bazarlarda neft məhsullarının pərakəndə satış seqmentində payının artırılması, həm də fəaliyyət coğrafiyasının genişləndirilməsində maraqlıdır.
R.Abdullayev qeyd edib ki, xarici bazarlarda fəaliyyət SOCAR-ın maliyyə göstəricilərinə də təsir edib. “2016-cı ildə şirkətin aktivləri 33% - 53,01 mlrd. manatadək artıb, xalis mənfəət 350 mln. manat təşkil edib”, - o bildirib.
Şirkətin prezidenti hesab edir ki, bir sıra iri layihələrin reallaşdırılması şirkətin gəlirlərini artırmağa imkan verəcək. “2016-cı ildə xammal neftinin satışından gəlirlərimiz 29,6 mlrd. manat təşkil edib. Gələcək illərdə TANAP qaz kəməri, Türkiyədə “STAR” NEZ, Karbamid zavodu və Azərbaycanda “SOCAR-Polymer”in istifadəyə verilməsi ilə gəlirlərin artacağını gözləyirik”, - R.Abdullayev vurğulayıb. **
A.Əzizov