Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Pakistanın Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Aman fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətini qeyd edirlər.
FHN-nin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü K.Heydərov S.Amanın başçılıq etdiyi Pakistanın nümayəndə heyətini qəbul edib.
“Nazirlər fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətini vurğulayıblar, həmçinin pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə ediblər”, - məlumatda qeyd edilir.
K.Heydərov bildirib ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir və mövcud münasibətlərin ildən-ilə gücləndiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan və Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri var.
Öz növbəsində, S.Aman qeyd edib ki, Azərbaycanla Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulub. O, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. **
F.İsazadə