Azərbaycan 2018-ci ilin aprel ayında Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü iclasının keçirilməsini təklif edib.
Nyu-Yorkda Qoşulmama Hərəkatının Nazirlər Görüşündə xarici işlər naziri Elmar Məmmədyarov bu təkliflə çıxış edib.
“Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılıb. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik”, - XİN-in mətbuat xidməti E.Məmmədyarovun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. “Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir”, - nazir qeyd edib.
Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. **
A.Əzizov