Oktyabr ayında Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçiriləcək. Bu barədə İqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev bəyan edib.
“Azərbaycan-Macarıstan əlaqələri cümlədən nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində uğurla davam edir və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Azərbaycan bu potensialın reallaşdırılmasında maraqlıdır”, - Ş.Mustafayev Macarıstanın Bakıdakı yeni səfiri Viktor Szederkenyi ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, oktyabrın əvvəlində Budapeştdə keçiriləcək Birgə Komissiyanın növbəti iclasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Birgə Komissiyanın əvvəlki iclası 2016-cı il iyunun 28-də Bakıda keçirilib. **
A.Əzizov