Macarıstanda Azərbaycanın ticarət nümayəndəsini təyin olunacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Yaxın vaxtlarda Macarıstanda Azərbaycanın ticarət nümayəndəsini təyin olunacaq. Həmçinin, qarşılıqlı ticarətin genişləndirilməsi üçün digər mexanizmlərdən istifadə edilməsi planlaşdırılır”, Ş.Mustafayev Macarıstanın Bakıdakı yeni səfiri Viktor Szederkenyi ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, oktyabrın əvvəlində Azərbaycan nümayəndə heyəti Macarıstana səfər edəcək, burada Macarıstan-Azərbaycan biznes dairələri ilə müzakirələr aparılacaq.
“Əczaçılıq sahəsində ölkələrimiz arasında əməkdaşlıq imkanları genişdir. Macarıstan istehsalı olan dərman vasitələrinin Azərbaycanda istehsalı üçün Pirallahı Sənaye Parkında geniş infrastrukturdan və iş adamları üçün əlverişli imkanlardan yararlanmaq olar”, - o qeyd edib.
Nazir əlavə edib ki, oktyabrın əvvəlində Azərbaycanın ixrac missiyası Budapeştə səfər edəcək.
Öz növbəsində, səfir artıq işgüzar görüşlərdə iştirak etmək üçün 100-dən çox macar şirkətinin müraciət etdiyini diqqətə çatdırıb.
V.Szederkenyi iqtisadiyyat nazirini oktyabrın 25-də Budapeştdə keçiriləcək "World Export Development Forum 2017"-yə dəvət edib. **
A.Əzizov