2017-ci ilin yanvar-iyul aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 30 mln. 292,9 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 7 mln. 569,4 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 18 mln. 624,4 min tonu və ya 61,5%-i avtomobil nəqliyyatı, 4 mln. 99,1 min tonu və ya 13,3%-i dəniz nəqliyyatının payına düşüb.
Yanvar-iyul aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 5 mln. 764,4 min ton və ya 19% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
A.Əzizov