Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlər çərçivəsində yeni silah sistemlərinin istifadəsilə döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib”, - məlumatda deyilir.
Nazirlik qeyd edir ki, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri çərçivəsində Çexiyadan yeni aldığı 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsaları və 122 mm RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərini sınaqdan çıxarıb.
Sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb və sentyabrın 22-dək davam edəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlərin məqsədi mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilməsidir. **
F.İsazadə