Sentyabrın sonunda Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında stareji tərəfdaşlığa dair sazişə hazırlıq məsələləri müzakirə olunacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə deyib.
“Sentyabrın 29-da Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında stareji tərəfdaşlığa dair sazişin hazırlıq işləri ilə bağlı məsələlər müzakirə ediləcək. Ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək”, - o qeyd edib.
Onun sözlərinə görə, tərəflər yeni tərəfdaşlıq prioritetləri ətrafında fikir mübadiləsi aparacaqlar. “Bu, yeni addımdır. Artıq biz öz təkliflərimizi vermişik. Aİ onlara baxıb və öz növbəsində öz təkliflərini verib”, - nazir müavini vurğulayıb.
Mahmud Məmmədquliyev həmçinin qeyd edib ki, sentyabrın 27-də Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək. “Görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək. Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək”, - o bildirib.
Onun sözlərinə görə, sonuncu enerji alt komitəsi ilə bağlı tarix hələlik məlum deyil. **
R.Babayev