Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 69,3 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 1,9 minə qədər sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
Sentyabrın 21-də SKMF Şamaxı rayonunda sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi ilə bağlı tədbir keçirib.
“Ümumilikdə, indiyədək Şamaxı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 min investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 mln. manat güzəştli kredit verilib. Bu gün işgüzar forum çərçivəsində Şamaxı və digər rayonlarda fəaliyyət göstərən sahibkarlara 277 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq və bitkiçilik sahələrinin inkişafına yönəldiləcək”, - məlumatda bildirilir.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 30-dan artıq yeni iş yerinin açılmasına imkan yaradacaq. **
A.Əzizov