Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrində keçirilən genişmiqyaslı təlimlərin nəticəsindən razıdır. Bu barədə nazirlikdən məlumat verilib.
Cümə axşamı Z.Həsənov Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirib.
“Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib”, - məlumatda deyilir.
O cümlədən, şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Z.Həsənov təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
“Azərbaycan prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi olaraq çatdıran müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb”, - məlumatda qeyd edilir.
Z.Həsənov bildirib ki, İ.Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir. “Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, Ali Baş Komandanın orduya göstərdiyi ən ali diqqət və qayğısıdır”, - məlumatda vurğulanır. **
F.İsazadə