GUAM-a üzv dövlətlər (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilata daxil olan ölkələrin ərazilərində münaqişələrin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını təsdiq ediblər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Nyu-Yorkda GUAM-ABŞ formatında növbəti görüşün yekununa dair qəbul edilən bəyannamədə bu cür maddə nəzərdə tutulub.
“Görüşün yekunu olaraq, “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi. BəyannamədəGUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir”, - məlumatda qeyd olunur.
Bundan başqa, GUAM-a üzv dövlətlər götürülən öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqliyi bir daha təsdiq ediblər.
“Həmin dövlətlər ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildiriblər. Həmçinin, regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın təminatı üçün birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqeyi bəyan ediblər”, - məlumatda vurğulanır. **
A.Əzizov