Rəsmi Bakı Avropa İttifaqını Ermənistana Azərbaycan barəsində işğalçı siyasətdən imtina etmək istiqamətində təzyiqləri aktivləşdirməyə çağırır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Aİ Ermənistanı Azərbaycana qarşı təcavüz və işğalçı siyasətdən imtina etmək üçün səylərini aktivləşdirməlidir”, - X.Xələfov cümə günü Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının “Avronest” PA-nın "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda bildirib.
Onun sözlərinə görə, ölkəmiz tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində maraqlıdır.
“Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan Ermənistan Azərbaycan ərazilərinin beşdə bir hissəsini işğal, orada mədəniyyət və tarixi abidələri məhv edir. İrəvanın yürütdüyü təcavüzkar siyasəti və etnik təmizləmələr regionda ciddi problemlərə səbəb olub”, - X.Xələfov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Ermənistan məqsədyönlü şəkildə Qarabağ münaqişəsində status-kvonun saxlanması siyasətini yürüdür, bölgənin demoqrafik mənzərəsini dəyişməyə çalışaraq işğal olunmuş ərazilərdə əhalini qanunsuz olaraq məskunlaşdırır.
“Dünya dövlətləri beynəlxalq birliyi aldatmağa çalışan erməni lobbisinin təsiri altına düşməməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimin müstəqilliyinin müxtəlif ölkələr tərəfindən tanınmasına dair Ermənistanın cəhdləri İrəvanın gözlədiyi kimi nəticə vermədi. Ermənistanın təcavüzkar siyasətdən əl çəkməməsi səbəbindən ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etməyə dair 20 ildən artıq davam edən danışıqları müsbət nəticə verməyib”, - X.Xələfov vurğulayıb. **
R.Babayev