“Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də “Qazprom” PSC-nin Azərbaycanda nümayəndəliyinin açılmasını qiyabi şəkildə razılaşdıracaq.
Bundan başqa, Direktorlar Şurasına “Qazprom”un fəaliyyətinin yekunlarına dair rüblük hesabat təqdim olunacaq.
“Qazprom” 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.
2010-cu ildən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Bu qaz Dağıstanın “mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-2014-cü illərdə təmir işləri ilə əlaqədar Rusiyaya Azərbaycan qazının nəqli bir neçə dəfə dayandırılıb. 2015-ci ildə nəql həyata keçirilməyib. Həmin il Azərbaycan metanol zavodu (AzMeCo) üçün Rusiya qazının tədarükünün təşkilinə təşəbbüs göstərilib. Rusiya qazının respublikaya nəqli barədə danışıqlar SOCAR ilə də aparılır.*