Narkotikasılılığındanəziyyət çəkən Azərbaycan vətəndaşları narkotik maddələrin alışı və saxlanması ilə bağlı cinayətlər törətdikləri zaman cinayət məsuliyyətindən azad oluna bilərlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan prezidenti təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.
Təklif olunan əlavələrə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.
Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
Bu qanunvercilik təşəbbüsü oktyabr ayında Milli Məclisdə müzakirəyə çıxarılacaq.**
R.Babayev