2 oktyabr 2017-ci il tarixindən etibarən İsrailin “İsrair Airlines and Tourism” şirkəti Təl-Əvivdən Bakıya hava uçuşları həyata keçirəcək. Bu barədə şirkətin baş icraçı direktoru Uri Sirkis mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşdə bəyan edib.
“Həftədə 3 dəfə olmaqla Təl-Əvivdən Bakıya turpaket daxilində uçuşlar həyata keçiriləcək”, - nazirliyin məlumatında qeyd olunur.
U.Sirkis vurğulayıb ki, İsrail vətəndaşları turistik nöqteyi nəzərdən Azərbaycanı vacib istiqamət hesab edirlər.
Tərəflər qeyd ediblər ki, qarşılıqlı fəaliyyət qısa müddət ərzində turist axını artırmağa imkan yaradacaq.
“O cümlədən, tərəflər bir sıra ortaq marketinq işlərinin aparılması barədə razılığa gəliblər”, - məlumatda vurğulanır. **
A.Əzizov