Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli və çoxtərəfli əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi üçün Almaniya kansleri Angela Merkel ilə birgə fəaliyyətin davam etdirilməsinə ümid edir.
İ.Əliyev Almaniyada Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə Federativ Respublikanın Federal Kansleri Angela Merkelə təbrik məktubu göndərib.
“Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən sizə bəslənən inam və etimadın ifadəsidir”, - deyə dövlət başçısının saytında dərc olunan məktubda bildirilir.
“Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - İ.Əliyev məktubda qeyd edib. **
A.Əzizov