Atət-İN Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Milli Məclisin mətbuat xidmətinin məlumatınagörə, bu barədə ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bəyan edib.
Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşürük. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində heç bir faktiki irəliləyiş əldə olunmayıb. Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”, - K.Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsini yalnız atəşkəs rejimi pozulduğu zaman deyil, daima diqqət mərkəzində saxlamaq lazımdır .
“Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər”, - K.Vigenin vurğulayıb ki, Azərbaycana səfər çərçivəsində Ermənistanın işğal etdiyi Zəngilan rayonundan olan məcburi köçkünlərlə görüşüb.
K.Vigenin əlavə edib ki, münaqişəni tezliklə sülh yolu ilə həll etmək lazımdır. **
R.Babayev