Azərbaycanda turizm sahəsində xidmətlərin keyfiyyəti üzərində nəzarəti sərtləşəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Əsas məsələ “Turizm haqqında” qanunun qəbul edilməsidir. Biz keyfiyyətə nəzarət və sağlam rəqabət məsələlərinə böyük diqqət yetirməliyik”, - Ə.Qarayev çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, turizm sahəsində mövcud problemlərin həlli məqsədilə keyfiyyət sistemi və müvafiq reyestr tərtib etmək lazımdır.
“Hazırda biz xidmət keyfiyyətinin meyarlarını hazırlayırıq”, - o qeyd edib.
Nazir həmçinin Azərbaycanın bölgələrində istirahət edən turistlərin sayına dair məsələyə toxunub.
“Yay mövsümü ərzində regional otellərdə 860 min nəfərlik yer bronlaşdırılıb. Ümumilikdə, yanvar-avqust aylarında regionlarda otel və mehmanxanalarda 1,294 mln. turist istirahət edib”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycanda 563 otel və 734 turizm şirkəti fəaliyyət göstərir.
“Azərbaycanda turizm sahəsində cəmi 46 min nəfər çalışır”, - Ə.Qarayev əlavə edib. **
R.Babayev