Dövlət Gömrük Komitəsi bir sıra Türkiyə kütləvi informasiya vasitələrində miqrantların Azərbaycan ərazisindən Avropaya qanunsuz daşınması barədə məlumatı təkzib edib.
Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
“Yayılan məlumat həqiqətə uyğun deyil. Komitədə aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb.Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-cu ildə Azərbaycan ərazisində olub”, - DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Komitə həmçinin qeyd edir ki, Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir. **
F.İsazadə