Baş Prokurorluq hazırda məhkum olunan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə müsahibəyə görə “Ovqat.com” internet saytının baş redaktoruna xəbərdarlıq edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınaraq ictimailəşdirilib”, - məlumatda deyilir.
Bununla əlaqədar H.Həşimov Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” qanununun tələblərinə müvafiq olaraq gələcəkdə cinayət prosesinin iştirakçılarının hüquq və qanuni mənafelərini pozmaqla bu qəbildən olan qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. **
R.Babayev