“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə üçün hazır olduğunu bəyan edib.
“Dəhlizi test rejimində yoxladıq və qeyd edə bilərik ki, BTQ istifadəyə hazırdır”, - C.Qurbanov bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə illik 34-45 mln. ton yük nəql etmək mümkün olacaq.
“İlkin mərhələdə BTQ vasitəsilə 1 mln. sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Ortamüddətli məqsədimiz bu dəhliz ilə illik 20-22 mln. ton yük səviyyəsinə çatmaqdır”, - Ə.Arslan vurğulayıb. **
A.Əzizov