Qafqaz Müsəlmanları İdarəsi Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi məscidlətrin siyahısını elan edib. Bu barədə QMİ-dən məlumat verilib.
“Oktyabrın 1-də Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək”, - “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-dən bildiriblər.
Siyahıya əsasən, qanvermə aksiyası Azərbaycanda 17 məscid və ziyarətgahı əhatə edəcək.
Artıq 15 ildən artıqdır ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü Azərbaycanda məscid və ziyarətgahlarda qanvermə aksiyaları keçirilir. Yığılan qan gen xəstəlikləri və talassemiyadan əziyyət çəkən xəstələrin qana olan tələbatını ödəmək üçün istifadə olunur.
İmam Hüseynin faciəvi şəkildə qətli hicri təqvimi ilə Məhərrəm ayının ilk ongünlüyündə baş verib. Hicri təqvimi ilə 61-ci il Məhərəm ayının 10-cu günü (680-ci il 10 oktyabr) İmam Hüseyn və 72 silahdaşı İraqın Kərbəla şəhərində xəlifə Yezidin çoxminlik ordusu ilə döyüşdə öldürülüb.
O, hakimiyyətin xəlifə Yezid tərəfindən qəsb edilməsinə, İslam prinsiplərinin təhrif edilməsinə etiraz olaraq din uğrunda şəhadət yolunu seçib.
Ərəb dilindən tərcümədə “onuncu” mənasını verən Aşura günü ilə bağlı bir çox dini rəvayətlər var. Rəvayətə görə, göy, yer, mələklər və ilk insan Adəm həmin gün yaradılıb. Aşura günü Nuh peyğəmbər daşqından sonra ilk dəfə torpağa qədəm basıb, Yaqub peyğəmbər və Yusif peyğəmbər uzun ayrılıqdan sonra görüşüblər, İbrahim peyğəmbər dünyaya gəlib, Allahın əmri ilə Qırmızı dəniz Musa peyğəmbərin qarşısında iki yerə ayrılıb və o, Fironun təqibindən xilas olub, İsa peyğəmbər göylərə çəkilib. Həmçinin dünyanın sonunun da Aşura günü gələcəyi bildirilir. **
F.İsazadə