Azərbaycan və Stavropol diyarı arasında diyarın ərazisində ASK məhsullarının saxlanması, ilkin və dərin emalı üzrə birgə müəssisələrinin yaradılması imkanlarına baxılır. Bunu Stavropol hökumətinin sədrinin birinci müavini Nikolay Velikdan deyib.
“Stavropol diyarı ərazisində ASK məhsullarının saxlanması, ilkin və dərin emalı üzrə birgə müəssisələrinin yaradılması imkanlarına baxılır”, - N.Velikdan Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlarası Forumunda qeyd edib. Bu barədə “Stavropolskaya pravda” qəzeti məlumat verir.
O vurğulayıb ki, Azərbaycan Stavropoldan taxıl ixracı həcminə dair lider mövqeyini saxlayır.
“Bu, bizim köhnə və perspektivli tərəfdaşımızdır. Hər il Azərbaycan diyardan 1 mln. tona yaxın taxıl ixrac edir. Bu siyahıda texniki yağ bitkiləri: illik 200 min tona qədər həcmdə raps və günəbaxan da var. Həmçinin, azərbaycanlılar toxum materialları, xüsusilə payızlıq taxıl, cins heyvan və cins bioməhsulların tədarükündə maraqlıdırlar”, - N.Velikdan qeyd edib.
Forum iştirakçıları sənaye, ASK, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə ikitərəfli regionlarası qarşılıqlı əlaqələrin dərinləşməsi məsələlərini müzakirə ediblər. **
R.Babayev