Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli birgə planların işlənilməsi məsələsini müzakirə ediblər. Bu barədə nazirlikdən məlumat verilib.
“Nazirlər Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Z.Həsənov N.Caniklini Türkiyənin milli müdafiə naziri vəzifəsində ilk rəsmi səfərinin məhz Azərbaycana etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib. “Nazir bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir”, - məlumatda qeyd olunur.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq “Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb”.
Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən Z.Həsənov gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini vurğulayıb.
N.Canikli bildirib ki, Türkiyə Azərbaycanın vacib tərəfdaşıdır. **
F.İsazadə