Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərində iştirak edən pilotların göstərdikləri nəticələri yüksək qiymətləndiriblər.
Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü Z.Həsənov və N.Canikli Azərbaycanda keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.
“Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr müdafiə nazirləri tərəfindən yüksək qiymətləndirilib”, - məlumatda deyilir.
Bildirilir ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.
Məlumatda qeyd olunur ki, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıblar.
Bundan əlavə, tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib. **
F.İsazadə