Azərbaycan müstəqil siyasət yürüdür və kənardan verilən göstərişləri yerinə yetirmək məcburiyyətində deyil. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə hesab edir.
«Azərbaycanın müstəqil siyasət yürütməsi, ölkəmizdə ictimai sabitlik və təhlükəsizlik erməni lobbisinin maliyyələşdirdiyi müəyyən qüvvələrdə ciddi narahatlıq doğurur. Biz istənilən tövsiyəni dinləməyə hazırıq, lakin onları yerinə yetirməyə məcbur deyilik», - deyə o, parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
S.Novruzovun sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan əleyhinə bəyanatlarına və ayrı-ayrı KİV-də gedən nəşrlərə artıq alışıb və onlara adekvat reaksiya verir.
«Bu baxımdan son zamanlar Azərbaycan və Türkiyəyə təzyiqlərin daha da artması müşahidə olunur», - deyə sədr qeyd edib.
O, həmçinin siyasi partiyalar və QHT-in maliyyə hesabatları ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsinin vacibliyini də diqqətə çatdırıb.
«Siyasi partiyalar və qeyri-hökumət təşkilatları Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalı və şəffaf maliyyə hesabatları təqdim etməlidir», - deyə S.Novruzov əlavə edib.*
R.Babayev