Almaniyanın Köln şəhərində keçiriləcək "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan kənd təsərrüfatı məhsulları nümayiş olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“7-11 oktyabr tarixlərində "ANUGA" Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək. Burada vahid ölkə stendi ilə 21 Azərbaycan şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları təqdim ediləcək”, - məlumatda deyilir.
Nazirlikdən bildiriblər ki, sərgidə təqdim olunacaq şirkətlər keçirilmiş müsabiqə əsasında seçiliblər.
İndiyədək "Made in Azerbaijan" brendi ilə yerli məhsullar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində, Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində və Rusiyanın Moskva şəhərində keçirilimiş "Worldfood Moscow 2017" sərgisində vahid ölkə stendi ilə nümayiş olunub. Bundan əlavə, nazirlik tərəfindən xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib. **
N.Abbasova