Milli Məclisinin spikeri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini prinsipsizlikdə ittiham edib.
“Kristian Vigeninin Azərbaycana səfəri zamanı onunla Milli Məclisdə görüş keçirdim. Sonra o Ermənistana səfərə yola düşdü. Oradakı çıxışları Bakıda söylədiklərinin saxta olduğunu nümayiş etdirdi”, - O.Əsədov bazar ertəsi parlamentin plenar iclasında bildirib.
Spikerin sözlərinə görə, K.Vigenin Ermənistan rəhbərliyi, həmçinin Dağlıq Qarabağın qondarma rejiminin nümayəndələri ilə görüşüb.
“O, üzərində separatçıların bayrağının olduğu Dağlıq Qarabağın qondarma rejiminin nümayəndələri ilə bir masaya əyləşdi. Yəni ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi prinsipsizlik və özünün aşağı səviyyəsini nümayiş etdi. Bu, ikili standartlar siyasətinin təzahürüdür”, - O.Əsədov vurğulayıb.
Spiker bildirib ki, ATƏT PA-nın payız sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Andorrada bu məsələyə münasibət bildirəcək. “ATƏT PA və digər beynəlxalq təşkilatlar strateji mühüm vəzifələrə bu cür prinsipsiz insanları təyin etməməlidir”, - O.Əsədov qeyd edib. **
R.Babayev