Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycan tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatını təsdiq edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd olunur ki, 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində MONEYVAL-ın 54-cü plenar iclası keçirilib.
“Plenar iclasda Palatanın sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti PY/TMM sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatı təqdim edib. MONEYVAL Katibliyi hesabat dövrünü əhatə edən son üç il ərzində Azərbaycanda əhəmiyyətli tərəqqinin əldə edildiyini qeyd edib və PY/TMM rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə yerinə yetirdiyini təqdir edib. Hesabat MONEYVAL Komitəsi tərəfindən qəbul edilib”, - məlumatda qeyd olunur. **
A.Əzizov