2019-cu ildən etibarən buraxılış imtahanlarında açıq tipli suallar və yazılı tapşırıqlar tətbiq ediləcək. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
"2019-cu ildən başlayaraq şagirdlərimiz buraxılış imtahanlarını yeni sistem üzrə verəcəklər. Amma bu, fənlərin sayının dəyişəcəyi demək deyil. Şagirdlərin bilikləri riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə qiymətləndiriləcək. İmtahanlara açıq tipli suallar və yazılı tapşırıqlar və s. daxil ediləcək", - deyə o, "ASAN radio"ya müsahibəsində bildirib.
Təhsil sistemində islahatlara toxunan nazir müavini vurğulayıb ki, 2014-2017-ci illərdə ölkə üzrə müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi nəticəsində onların əmək haqları artırılıb. "Müəllimlərin əmək haqlarının artırılmasnın birinci mərhələsi 2018-ci ilin yanvar ayında başa çatacaq", - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, pedaqoqların ixtisasının artırılması üzrə təlimlərin keçirilməsinin genişləndirilməsi planlaşdırılır.
"Diaqnostik qiymətləndirmə bizə pedaqoqların ixtisasının artırılması üzrə bir neçə modul işləyərək tətbiq etməyə imkan verib”, - deyə nazir müavini əlavə edib.*
R.Babayev