Oktyabr ayında Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli strateji tərəfdaşlıq üzrə saziş layihəsinin bir sıra hissələrinə dair danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Oktyabr ayında Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır. Son müzakirələr sentyabr ayında Brüsseldə Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyevanın iştirakı ilə olub”, - məlumatda deyilir.
Tədbirdə saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan başqa, layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib.
“Müzakirələrdə Azərbaycanın enerji bazarının öyrənilməsi zərurəti vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb”, - məlumatda qeyd olunur. **
N.Abbasova