Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 1-də başa çatan qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın çıxışını uğurlu hesab edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi”, - İ.Əliyev milli komandamızın heyəti ilə görüşdə bildirib.
İ.Əliyev Avropa çempionatının Bakıda yaxşı təşkil olunduğunu qeyd edib. “Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən prezident komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi.
İ.Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd etdi. “Faiq Qarayev uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazanıb və komandamıza uğurla rəhbərlik edir”, - o vurğulayıb.
Prezident voleybolçuların yüksək peşəıkarlığını qeyd edib. “Bizim idmançılar çox peşəkar və vətənpərvərdir”, - İ.Əliyev bildirib. **
R.Babayev