2016-cı ilin yekunları üzrə “Azərsu” ASC-nin (Azərbaycanın milli su operatoru) xalis zərəri 612,921 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 11,3% çoxdur.
“Azərsu”nun saytında dərc edilmiş 2016-cı il üzrə birləşdirilmiş hesabatda bildirilir ki, hesabat ilində abonentlərə xidmət göstərilməsindən 159,837 mln. manat (artım 14,9%) gəlir əldə edilib.
Bununla bərabər, ASC 2016-cı ildə göstərilən xidmətlərin maya dəyərini 9,5% - 84,578 mln. manata qədər artırıb.
Ötən il ASC-nin əməliyyat zərəri 611,804 mln. manat (artım 11,8%) təşkil edib.
Hesabata əsasən, 2016-cı ildə “Azərsu”nun aktivləri 6,9% - 608,345 mln. manatadək, uzunmüddətli aktivləri 6,7% - 562,328 mln. manatadək, qısamüddətli aktivləri 9,3% - 46,071 mln. manata qədər azalıb.
Hesabat ilində ASC-nin öhdəlikləri 1,9% - 970,125 mln. manata qədər artıb.
2016-cı ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalının mənfi qiyməti 361,78 mln. manat (artım 21,2 dəfə) təşkil edib. 2016-cü ildə ASC-nin yığılmış zərərləri 12,3% - 5 mlrd. 600,479 mln. manata qədər artıb. Qeyd olunan dövrdə cəmiyyətin nizamnamə kapitalı 400 mln. manat səviyyəsində qalıb. **
N.Abbasova